Ferhat Gündoğdu daxil olmaqla TFF-nin 7 rəsmisi saxlanıldı

Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu prokurorluq tərəfindən saxlanılıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə vurğulanır ki, Ferhat Gündoğdu daxil olmaqla 7 şübhəli İstanbul Respublika Baş Prokurorluğunun araşdırması çərçivəsində saxlanılıb.

İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə “Hakimlər işi” üzrə 4 şəhərdə eyni vaxtda əməliyyat keçirilib. Araşdırma rəsmi sənədlərin saxtalaşdırılması və əziyyət vermə ilə bağlı iddialar üzrə aparılır.

Saxlanılanlar arasında MHK sədri Ferhat Gündoğdu, Türkiyə Fəal Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyinin İstanbul şöbəsinin sədri Ferdi Karadoruk, MHK-nın keçmiş sədr müavini Ahmet Şahin, MHK-nın keçmiş üzvü Yunus Yıldırım, MHK üzvü Sebahattin Şahin, həmin dərnəyin İstanbul şöbəsinin təşkilati işlər üzrə məsul şəxsi Alican Sağlar və İstanbul İl Hakimlər Komitəsinin sədri Emre Kosif yer alır.

İstintaq materiallarına əsasən, bəzi hakimlərin obyektiv və əsaslandırılmış qərar olmadan təsnifatdan çıxarılması, onlara təyinat verilməməsi və ya sistemli şəkildə kənarlaşdırılması, bəzi hakimlərə üstünlük göstərilməsi, qiymətləndirmə və təyinat proseslərinə müdaxilə edilməsi ilə bağlı iddialar araşdırılır.

Bundan başqa, 2022 və 2024-cü illərdə hazırlanmış hakim və müşahidəçi siyahılarında qanunsuz dəyişikliklərin edildiyi, 2025-ci ildə keçirilən qayda imtahanında suallara və qiymətləndirmə prosesinə müdaxilə olunduğu, bəzi hakimlərin imtahan nəticələrinin dəyişdirildiyi iddiaları da araşdırma predmetidir.

İstintaqda Gündoğdu və Sebahattin Şahinə qarşı mobbinq və sənədlərin saxtalaşdırılması, Ahmet Şahinə sənədlərin saxtalaşdırılması, Yunus Yıldırıma mobbinq və şəxsi məlumatların qanunsuz əldə edilməsi ilə bağlı ittihamlar irəli sürüldüyü bildirilir. Ferdi Karadoruk barəsində isə mobbinq, əxlaqa zidd məzmun və etimaddan sui-istifadə ilə bağlı iddiaların araşdırıldığı açıqlanıb.

Araşdırmada müşahidəçi və şahid ifadələri, ekspertiza rəyləri, HTS və MASAK məlumatlarından istifadə edildiyi bildirilir. Səlahiyyətlilər şübhəlilərin iş və yaşayış ünvanlarında axtarışların aparıldığını açıqlayıb.

Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, hakimlərin təsnifatı, təyinatı, qiymətləndirilməsi və qayda imtahanlarına müdaxilə ilə bağlı iddialar araşdırılır. Nazir vurğulayıb ki, heç bir şəxsin vəzifəsi və statusu hüquq qarşısında imtiyaz yaratmır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: