UEFA prezidenti Aleksander Çeferin FIFA-ya rəhbərlik edən Canni İnfantinonu vəzifəsindən istefa verməyə çağırıb.
Arena.az xəbər verir ki, Çeferin bu barədə Kopenhagendə keçirilən Avropa Futbol Klubları Assosiasiyasının (EFC) toplantısında danışıb:
“Artıq deməyin vaxtıdır: “Bəsdir”. Təsəvvür edin ki, arxanızca sizin mirasınızın satılması müzakirə olunur. Futbol onu idarə edən şəxslərdən daha vacibdir. Heç kimin onun gələcəyini satmağa haqqı yoxdur. Futbol satılmır”, – deyə Çeferin bildirib. O, açıqlamasında İnfantinonu birbaşa adlandırmayıb.
Söhbət FIFA-nın “FIFA Forward Enterprise” adlı kommersiya strukturunun yaradılması planından gedir. İnfantinonun təşəbbüsü ilə hazırlanan layihə FIFA-nın əsas kişi və qadın turnirlərinin kommersiya hüquqlarının bu şirkət vasitəsilə idarə olunmasını və özəl investorların cəlb edilməsini nəzərdə tuturdu. FIFA layihənin futbolun inkişafına əlavə maliyyə vəsaiti gətirə biləcəyini bildirmişdi.
Layihə UEFA, KONKAKAF və digər qurumların etirazları ilə üzləşdikdən sonra iyulun sonunda dayandırılıb. FIFA rəhbərliyi isə təşəbbüsün əsas məqsədinin futbolun inkişafına daha çox vəsait yönəltmək olduğunu açıqlamışdı.
56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralından FIFA prezidentidir. O, iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə seçilib. FIFA prezidentliyinə növbəti seçki 2027-ci ilin martında keçiriləcək.


