“Botev” klubunun prezidenti öldürüldü

Futbol üzrə Bolqarıstan çempionatında mübarizə aparan “Botev” (Plovdiv) klubunun prezidenti, iş adamı İliyan Filipov öldürülüb.

Arena.az xəbər verir ki, hadisə ötən gecə Plovdiv şəhərində baş verib.

Bu barədə “Nova” nəşri ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, qətl Filipovun futbol matçından sonra evinə qayıtdığı vaxt baş verib. Nəqliyyat və tikinti şirkətlərinin sahibi olan iş adamı başından açılan atəş nəticəsində öldürülüb.

Xatırladaq ki, ötən gecə Bolqarıstan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda Estoniya ilə üz-üzə gəlib. “Botev”in prezidenti də məhz qolsuz başa çatmış bu oyundan sonra qətlə yetirilib.

Polis və prokurorluq nümayəndələri keçirdikləri brifinqdə hadisəni təsdiqləyiblər. Lakin istintaq sirrini əsas gətirərək qətlin təfərrüatlarını açıqlamayıblar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə yerində prosessual-istintaq tədbirləri davam etdirilir. Araşdırma ilkin mərhələdədir və qətlin bütün mümkün versiyaları nəzərdən keçirilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: