Azərbaycanın “Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun 2026/2027-ci illər mövsümündə növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, təsnifat mərhələsində Estoniyanın “Parnu” kollektivi ilə mübarizə aparan “ağ-qaralar” bu rəqibi ilə cavab görüşünü səfərdə keçirib.
Azərbaycan təmsilçisi bu oyunda 61:73 hesabı ilə məğlub olub. Amma iki qarşılaşmanın ümumi hesabına əsasən daha üstün olan paytaxt klubu əsas mərhələyə yüksəlməyi bacarıb.
Xatırladaq ki, təmsilçimiz Bakıda keçirilmiş ilk görüşdə 80:67 hesablı qələbə qazanmışdı.
Beləliklə, “Neftçi” FIBA Avropa Kubokunun 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin H qrupunda yer alıb. Azərbaycan təmsilçisi bu mərhələdə “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.


