Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder federasiyanın Xavini millinin baş məşqçisi təyin etməsi ilə bağlı qərarını tənqid edib.
Arena.az xəbər verir ki, Sneyder ispaniyalı mütəxəssisin məşqçilik təcrübəsinin hələ kifayət qədər olmadığını bildirib.
O, həmçinin Xavinin məşqçi lisenziyalarını əldə etməsi ilə bağlı proseduru sual altına alıb.
46 yaşlı Xavi avqustun 12-də Niderland millisinin baş məşqçisi təyin olunub və bu vəzifədə Ronald Kumanı əvəzləyib. Onun rəhbərliyi altında “narıncılar” UEFA Millətlər Liqasında Almaniya ilə 1:1 hesablı heç-heçə edib, ardınca səfərdə Serbiyaya 2:1 hesabı ilə qalib gəlib.
Sneyder isə Niderland Futbol Federasiyasının xarici mütəxəssisə münasibətdə öz qaydalarına fərqli yanaşdığını düşünür:
“Mənə bir qədər qəribə gəlir ki, məşqçi vəzifəsinə lisenziya alma tempi Niderland Futbol İttifaqının standartlarına uyğun olmayan mütəxəssis seçilib. Xavi A, B və Pro lisenziyalarını cəmi dörd həftəyə əldə edib. Halbuki ittifaqın qaydalarına əsasən, kurs dörd il yarım davam etməlidir. Xaviyə uğurlar arzulayıram, amma onun məşqçilik təcrübəsinin hələ az olduğunu da qeyd etmək lazımdır”, – deyə Sneyder bildirib.
Qeyd edək ki, Xavi Niderland millisinin baş məşqçisi təyin olunana qədər Qətərin “Əl-Sədd” klubunda çalışıb, daha sonra iki il yarım “Barselona”ya rəhbərlik edib. Onun rəhbərliyi altında Kataloniya klubu La Liqa və İspaniya Super Kubokunun qalibi olub.
Xavi son 48 ildə Niderland millisinin baş məşqçisi təyin olunan ilk əcnəbi mütəxəssisdir. Ondan əvvəl bu vəzifəni sonuncu dəfə avstriyalı Ernst Happel tutub.


