2026/2027 mövsümündən etibarən Azərbaycan Basketbol Liqasında (ABL) klubların maliyyələşdirilməsi ilə bağlı yeni model tətbiq olunacaq.
Arena.az xəbər verir ki, yeni sistemin əsas məqsədi ölkə basketbolunun inkişafını sürətləndirmək, klublar arasında rəqabəti artırmaq və oyunlara azarkeş marağını yüksəltməkdir.
Yeni maliyyələşdirmə modelində klublara ayrılan vəsait əsasən onların nəticələrindən və müəyyən edilmiş şərtləri yerinə yetirməsindən asılı olacaq. Mövsümə başlayan bütün komandalar isə şərtsiz olaraq 300 min AZN maliyyə dəstəyi alacaq.
Bundan əlavə, klublar aşağıdakı bonusları qazana biləcəklər:
Azarkeş bonusu: Hər oyuna ən azı 300 azarkeş gətirən klub hər qarşılaşmaya görə 3 min AZN əldə edəcək. Mövsüm ərzində 21 oyunda bu şərti yerinə yetirən komanda ümumilikdə 63 min AZN əlavə maliyyə qazana bilər.
Qələbə bonusu: Hər qələbəyə görə kluba 10 min AZN ödəniləcək. Komanda mövsüm ərzində mümkün olan bütün qələbələri qazandığı halda bu bonusun ümumi məbləği 210 min AZN-ə çata bilər.
Yarımfinal bonusu: Mövsümün sonunda pley-off mərhələsinin yarımfinalına yüksələn 4 klubun hər birinə əlavə 150 min AZN veriləcək.
Vitse-çempionluq mükafatı: Çempionatı ikinci pillədə başa vuran komandaya 700 min AZN əlavə maliyyə dəstəyi ayrılacaq.
Çempionluq mükafatı: Azərbaycan çempionu olan klub isə 1,4 milyon AZN həcmində əlavə mükafat əldə edəcək.
Beləliklə, ABL-də tətbiq olunacaq yeni sistemdə klubların maliyyə dəstəyi həm meydandakı nəticələrdən, həm də azarkeş marağından birbaşa asılı olacaq.
Xatırladaq ki, 2026/2027-ci illər mövsümünə ötən gecə keçirilmiş “LANDAU Lions” – “Sabah” oyunu ilə start verilib. Qarşılaşma son çempion “Sabah”ın 84:74 hesablı qələbəsi ilə başa çatıb.


