FIDE reytinqi: Məhəmmədlə Aydın şəxsi rekordlarını yenilədilər

Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu gün 1 oktyabr 2026-cı il tarixinə olan növbəti dünya reytinqini açıqlayıb.

Arena.az xəbər verir ki, Azərbaycan şahmatçıları arasında ən böyük irəliləyişə Aydın Süleymanlı və Məhəmməd Muradlı nail olublar. Hər iki qrossmeyster karyerasının ən yüksək reytinq göstəricisinə çatıb.

Aydın Süleymanlı ötən ayla müqayisədə reytinqinə 15 xal əlavə edib. 2679 xalla 49-cu pillədən 41-ci yerə yüksələn 21 yaşlı şahmatçı şəxsi rekordunu yeniləyib. O, 2700 reytinq həddinə çatmaq üçün daha 21 xal toplamalıdır.

Məhəmməd Muradlı isə reytinqinə 9 xal əlavə edib. 2662 xalla dünya sıralamasında 64-cü pillədən 53-cü yerə yüksəlib. Bu da onun karyerasında ən yüksək göstəricidir.

Azərbaycan şahmatçıları arasında ən yüksək mövqedə Şəhriyar Məmmədyarov qərarlaşıb. O, 2710 xalla dünya reytinqində 29-cudur. Teymur Rəcəbov 2689 xalla 38-ci, Aydın Süleymanlı 2679 xalla 41-ci, Məhəmməd Muradlı 2662 xalla 53-cü, Rauf Məmmədov isə 2632 xalla 89-cudur.

Qadın şahmatçılar arasında Azərbaycanın ən yüksək reytinqli təmsilçisi Ülviyyə Fətəliyevadır. O, 2395 xalla 55-ci pillədə qərarlaşıb. Gövhər Beydullayeva 2392 xalla 57-ci, Xanım Balacayeva 2357 xalla 83-cü, Günay Məmmədzadə isə 2348 xalla 93-cüdür.

Kişilərin dünya reytinqinin ilk üçlüyündə Norveç təmsilçisi Maqnus Karlsen (2823), ABŞ şahmatçıları – Hikaru Nakamura (2792) və Fabiano Karuana (2784) yer alıblar. Qadınların reytinqində isə ilk üç pillənin hamısında Çin təmsilçiləri qərarlaşıblar: Hou Yifan (2596), Zhu Jiner (2559) və Ju Wenjun (2553).

Ölkələrin FIDE reytinqində Azərbaycan kişilər arasında 2630 xalla 6-cı pilləyə yüksəlib. Qadınlardan ibarət milli komandaların sıralamasında isə Azərbaycan 2293 xalla 11-cidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: