“Mançester Siti”nin əsas sponsoru “Etihad Airways” şirkətin qanunsuz kommersiya müqavilələrində iştirakı ilə bağlı iddiaları qəti şəkildə rədd edib.
Arena.az xəbər verir ki, bu barədə Əmirliyin “Khaleej Times” qəzeti məlumat yayıb.
“Etihad Airways”in açıqlamasında bildirilib ki, aviaşirkət Premyer Liqanın nəticələri ilə tanış olub və maliyyə maxinasiyalarında iştirak etdiyini təkzib edir. Şirkət hesab edir ki, Premyer Liqanın hesabatı aviaşirkətin fəaliyyətinə mənfi təsir göstərə bilər.
“Etihad Airways” həmçinin məsələnin ictimaiyyətə təqdim olunmasından narahatlığını ifadə edib. Şirkətin fikrincə, Premyer Liqanın nəticələri “seçmə məlumat sızmaları və nəşrlərdən” sonra açıqlanıb və bu da aviaşirkətə zərər vurur.
Bununla əlaqədar şirkət öz maraqlarını qorumaq üçün hüquqi yardım almağı planlaşdırır.
Qeyd edək ki, Premyer Liqa daha əvvəl “Mançester Siti”nin maliyyə qaydalarını pozduğunu təsdiqləyib. Müstəqil komissiyanın nəticələrinə görə, klub 2009–2018-ci illər ərzində bir sıra kommersiya tərəfdaşları ilə “saxta” müqavilələr bağlayıb, gəlirlərini süni şəkildə artırıb və xərclərini aşağı göstərib. Həmçinin klubun maliyyə hesabatlarını təhrif etdiyi və real maliyyə vəziyyətini auditorlardan və futbol tənzimləyicilərindən gizlətdiyi bildirilib.
“Etihad Airways” 2009-cu ildən “Mançester Siti”nin əsas sponsorudur. Bununla belə, Premyer Liqanın hesabatında şirkətin adı çəkilmir.


