Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Lixtenşteyn yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.
Ayxan Abbasovun matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, olmadı. Vəziyyətimizi daha da çətinləşdirdik. Çıxış yolumuz son iki oyunda qalib gəlməkdir. Epizodlar oldu, az idi. Birinci dəqiqədə çox real epizodumuz var idi. İstifadə edə bilmədik. Tempi istədiyimiz kimi, çox qaldıra bilmədik. Günahkar axtarmayacağıq, futbolçulara da dedim, məsuliyyət məndədir. Son iki oyunda mübarizə aparıb qalib gəlmək istəyirik. Futbolçularımız çalışdılar. Bu gün çıxış yolumuz Litva matçına konsentrasiya olmaqdır. Başqa deyiləsi söz yoxdur.
Lixtenşteyni udmağa məcburuq. Rəqib peşəkardır, peşəkar deyil, bunu müzakirə etmək mənə düşmür. Amma biz performansımızdan zəif çıxış etdik, bunu hamı gördü. Çıxış yolu Litva matçında qalib gəlməkdir”.
Ayxan Abbasov mümkün istefası barədə sualı isə belə cavablandırıb:
“Müqaviləmizin müddəti qışa qədərdir. Milli komandadayıq. Biz bura ən ağır dönəmdə gəldik. Çəkinmədən məsuliyyəti üzərimizə götürdük. İndi də məsuliyyətdən qaçmırıq. Rəhbərlik sabah hansı qərarı verərsə, problem yoxdur. Onlarla razıyam. Futbolda başqa problemlər var. Vaxt hər şeyi göstərəcək.
Mən qələbə qazanan komandaya gəlməmişəm. Real danışaq. Özümü qorumuram. Ən böyük hesablı məğlubiyyət Fransa ilə oyunda olub. Komandada əzmkarlıq artdı, yeni adlar çıxardırıq. Amma bu da yetərli deyil. Hücumçu problemimiz varsa, yetərli deyil. Zaman lazımdır. Mən oldum, ya başqası oldu, çox şey dəyişməyəcək. Əsas odur millidə istək var, təslim olmurlar. Neçə oyundur uduzmuruq, amma uda da bilmirik. Ən böyük problem budur.
Millidə yanaşma baxımından çox fərq var. Klubda bəlli azarkeş var. Bura klub deyil. Ölkənin bir nömrəli komandasındayıq, çox təzyiq var. Biz də buna alışırıq, bu yükü götürmək məcburiyyətindəyik. Bilirdik ki, bu təzyiqlər olacaq. Allah qoysa, öhdəsindən gələrik. Yerli futbolçu azdır. Orta səviyyəli klublar gərək gənc oyunçulara üstünlük versinlər. Aşağıdan başlamalıyıq. Klublara, akademiyalara yük düşür”.
“Dörd oyunda eyni heyətlə mübarizə aparmaq asan deyil”
Ayxan Abbasov qarşıdakı Litva ilə ev oyunundakı şanslardan da söhbət açıb:
“Komandanı Litva ilə oyuna hazırlamaq asan olmayacaq. Səhvlərimizi təhlil edəcəyik. İki günə bərpa olmalıyıq, həm də rəqibə qarşı hazır olmalıyıq. Rotasiyalarımız olacaq. Dörd oyunda eyni heyətlə mübarizə aparmaq asan deyil. Futbolçular hər şeyi dərk edirlər. Bəlkə də bunlar bizim xeyrimizə olacaq”.


