Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Litva oyununun hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, oktyabrın 4-də Bakının 8-ci km stadionunda keçiriləcək qarşılaşmanı portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Görüşün baş hakimi Qustavo Korreya olacaq. Ona həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza kömək edəcəklər. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.
VAR hakimi Bruno Esteves, AVAR isə Ana Klaudiya Silva Ribeyro olacaq.
Qeyd edək ki, Azərbaycan – Litva qarşılaşması UEFA Millətlər Liqasının D Liqasının D2 qrupunda keçiriləcək. Oktyabrın 4-də keçiriləcək oyuna saat 17:00-da start veriləcək.
Azərbaycan millisi qrupdakı ilk oyununda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteynlə ev oyunumuzda isə ümumiyyətlə hesab açılmayıb – 0:0.


