“Mançester Siti” İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı müstəqil komissiyanın çıxardığı qərardan apellyasiya şikayəti verib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl Premyer Liqa müstəqil komissiyanın klubu maliyyə qaydalarının ciddi şəkildə pozulması ilə bağlı irəli sürülən ittihamların demək olar ki, bütün bəndləri üzrə təqsirli bildirdiyini açıqlamışdı.
“Mançester Siti”nin açıqlamasında bildirilib ki, klub Premyer Liqanın intizam işi üzrə komissiyanın qərarından genişmiqyaslı apellyasiya şikayəti verib.
“Klubun mövqeyi qətidir: bir sıra əsaslara görə bu qərarda hüquq, prinsiplər və faktlarla bağlı açıq-aşkar ciddi səhvlər var və qərar əsaslı deyil. Klub Premyer Liqanın ona qarşı irəli sürdüyü ittihamlarda günahsızdır və bu iş üzrə mövqelərimizin hər birini dəstəkləyən çoxsaylı təkzibolunmaz sübutlar mövcuddur”, – deyə klubun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Mançester təmsilçisinə tətbiq olunacaq mümkün sanksiyalarla bağlı məsələ müstəqil komissiyanın ayrıca dinləməsində nəzərdən keçiriləcək.


