Milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Kəpəz” bu gün iki yoxlama matçında qüvəsini sınayıb.
Arena.az xəbər verir ki, sözügedən komanda öncə Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması (U-19) ilə qarşılaşıb.
Baş məşqçi Azər Məmmədov bu görüşdə əsasən gənc oyunçulara şans verib. Yüksək tempdə və maraqlı mübarizə şəraitində keçən matç 2:2 hesabı ilə nəticələnib. Gəncəlilərin heyətində Turqut Mustafazadə və Şakir Seyidov fərqləniblər.
“Kəpəz”in bu oyun üçün start heyəti: Rəşad Əzizli, Hüseyn Babayev, Arzu Atakişiyev, Rafael Məhərrəmli, Ümid Səmədov, Şakir Seyidov, Fərid Kələntərov, Sadiq Xəlilov, Amur Yusifov, Azuma Abubakar, Turqut Mustafazadə.
Gəncə Şəhər Stadionunun ehtiyat meydançasına daha sonra “Kəpəz” və 1-ci Liqa təmsilçisi “Gəncəbasar” çıxıblar. “Sarı-göylər” birinci hissənin əvvələrində Namiq Ələsgərovun uzaqdan sərrast zərbəsi sayəsində hesabı açıblar. “Gəncəbasar” fasilədən sonra status-kvonu bərpa edib və oyun heç-heçə yekunlaşıb – 1:1.
Premyer Liqa təmsilçisinin bu oyun üçünü start heyəti: Rojerio Santos, David Domgjoni, Mate Abuladze, Adama Fofana, Urfan Abbasov, Vadim Abdullayev, Desmond Akua, Benito Olabiran, Rəhman Hacıyev, Namiq Ələsgərov, Kennet Kalunqa.


