Azərbaycan cüdoçularıdan Uşanqi Kokauri Bakıda təşkil edilmiş dünya çempionatında gümüş, Kənan Nəsibov isə bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, bu gün Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatının fərdi yarışları başa çatıb.
Azərbaycan millisi turnirin fərdi proqramında 7 medal qazanaraq ölkə tarixinin rekorduna imza atıb. Mundialın yeddinci günündə Azərbaycanı dörd cüdoçu təmsil edib.
+78 kq-da yarışan Mədinə Kaysinova ilk görüşündə italiyalı Ase Tavano ilə qarşılaşmada məğlub olaraq mübarizəni erkən dayandırıb.
+100 kq-da yarışan digər üç cüdoçumuzun çıxışı daha uğurlu alınıb.
Uşanqi Kokauri ilk görüşündə Qırğızıstan təmsilçisi Emirxan Joldoşkiyevə, 1/8 finalda isə polşalı Yakub Sordilə qalib gəlib. O, 1/4 finalda digər azərbaycanlı cüdoçu Kənan Nəsibovu məğlub edib. Yarımfinalda Finlandiya təmsilçisi Martti Puumalaynen üzərində qələbə qazanan Kokauri finalda rusiyalı İnal Tasoyevə uduzaraq gümüş medalla kifayətlənib.
Kənan Nəsibov ilk mərhələdən mübarizəyə qoşulmayıb. O, ilk görüşündə Almaniya təmsilçisi Losseni Koneni, 1/8 finalda isə ukraynalı Yakiv Kammoyu məğlub edib. 1/4 finalda Kokauriyə uduzan Nəsibov təsəlliverici görüşdə rusiyalı Valeri Yendovitskiyə qalib gələrək bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb. Həlledici görüşdə Camal Həmzətxanovu məğlub edən cüdoçumuz mundialın bürünc medalına sahib çıxıb.
Camal Həmzətxanov isə ilk görüşündə çilili Fransisko Solisi, 1/16 finalda xorvatiyalı Mikita Sviridi, 1/8 finalda özbəkistanlı Muzaffarbək Turoboyevi, 1/4 finalda niderlandlı Yur Spaykersi məğlub edib. Yarımfinalda İnal Tasoyevə uduzan Həmzətxanov bürünc medal uğrunda görüşdə Kənan Nəsibova məğlub olub.
Beləliklə, Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarında 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) finalda uduzaraq gümüş medallara yiyələniblər. Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir. Fərdi yarışlar başa çatsa da, sabah komandalararası mübarizə baş tutacaq.


