Azərbaycanda böyüklər arasında təşkil edilmiş və oktyabrın 4-də start götürmüş cüdo üzrə dünya çempionatında fərdi yarışlar başa çatıb.
Arena.az xəbər verir ki, Azərbaycan millisi fərdi yarışların yekunlarına əsasən, ümumi komanda hesabında üçüncü yeri tutub.
Azərbaycan cüdoçuları mundialda 1 qızıl, 2 gümüş və 4 bürünc olmaqla ümumilikdə 7 medal qazanıblar.
Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zəlim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) finalda məğlub olaraq gümüş medallara yiyələniblər. Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.
Ümumi komanda hesabında Yaponiya 7 qızıl, 2 gümüş və 3 bürünc medalla birinci yeri tutub. Gürcüstan isə 2 qızıl, 1 gümüş və 1 bürünc medalla ikinci yeri tutub. Azərbaycan kişilər arasında da komanda hesabında üçüncü olub.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatında ümumilikdə 18 ölkənin idmançıları medal qazanıblar.
Sabah Bakı mundialında komanda yarışları baş tutacaq.


