Kristiano Ronaldo penaltini qaçırdı, “Əl-Nəsr” qalib gəldi

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2026/2027-ci illər mövsümünün 10-cu turu çərçivəsində keçirilmiş “Neom”la oyunun iştirakçısı olub.

“Əl-Nəsr” doğma meydanda qarşılaşdığı bu rəqibinə minimal hesabla qalib gəlib – 1:0.

Ronaldo bu görüşdə 90 dəqiqə meydanda olub. O, 45+6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməməsi ilə diqqət mərkəzinə düşüb. Meydan sahiblərinə qələbə gətirən yeganə qolu isə onun həmyerlisi Joao Feliks vurub.

Qeyd edək ki, bu qələbədən sonra “Əl-Nəsr” 22 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komandanın ehtiyatda bir oyunu da var. Ronaldonun komandası 9 oyunda 7 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 10 oyuna çıxıb, 5 qol vurub. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 152 oyun, 128 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, Səudiyyə Ərəbistanı çempionu (2025/2026) olub.

Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 234 oyuna 146 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 41 yaşlı veteran hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: