Mahir Emrelinin komandası David Şvarqaya tapşırıldı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubu yenə baş məşqçisini dəyişib.

Arena.az xəbər verir ki, Çestoxova təmsilçisi oktyabrın 19-da Tomas Kaçmareki istefaya göndərib.

42 yaşlı mütəxəssis “Rakuv”u cəmi 5 Polşa çempionatı oyununda çalışdırıb. Komanda onun rəhbərliyi altında 2 qələbə qazanıb, 3 dəfə məğlub olub.

Bu gün isə komandaya yeni baş məşqçi təyin edilib. Çestoxova təmsilçisinə bundan sonra David Şvarqa rəhbərlik edəcək. 36 yaşlı mütəxəssislə 2027/2028-ci illər mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb. Razılaşmada müqavilənin müddətini uzatmaq seçimi də nəzərdə tutulub.

“Rakuv”un yeni baş məşqçisi kluba yaxşı tanışdır. Şvarqa 2021-ci ildə Çestoxova təmsilçisinə köməkçi məşqçi kimi qoşulub, 2023/2024-cü illər mövsümündə isə baş məşqçi vəzifəsinə təyin edilib. O, daha sonra yenidən məşqçilər korpusunda köməkçi kimi fəaliyyət göstərib.

Şvarqanın əvvəlki dönəmində “Rakuv” Polşa çempionluğunu, ölkə kubokunu və iki dəfə Super Kuboku qazanıb. Komanda onun rəhbərliyi altında Avropa Liqasının əsas mərhələsinə də yüksəlib. Mütəxəssis 2024-cü ilin dekabrından 2026-cı ilin martınadək “Arka”nı çalışdırıb və bu komandanın Polşa Ekstraklasasına yüksəlməsinə kömək edib. Cari mövsümün əvvəlində isə “QKS Katovitse”də köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Klubun məlumatına görə, Şvarqa çərşənbə axşamı işə başlayıb və ilk məşqini çərşənbə günü keçirəcək. O, komandanı oktyabrın 24-də “Visla” (Krakov) ilə oyuna hazırlayacaq.

David Şvarqanın təyinatının Mahir Emrelinin bu komandadakı durumuna necə təsir edəcəyi maraq doğurur. Hər halda azərbaycanlı futbolçunun komandanın liderlərindən biri olduğunu nəzərə alsaq, Mahir əsas heyətdəki yerini itirməməlidir. Amma istənilən halda bütün suallara növbəti turlarda aydınlıq gələcəyi dəqiqdir.

Xatırladaq ki, Mahir Emreli bu mövsümün əvvəlindən “Rakuv”un uğurları üçün çalışır. O, Polşa klubunun heyətində 17 oyuna çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: