Dortmund “Borussiya”sının futbolçuları “Sabah”la oyundan sonra Bakı Olimpiya Stadionundakı duşlardan istifadə etməyiblər.
Buna səbəb sağlamlıqla bağlı mümkün risklər, o cümlədən legionellyoz təhlükəsi ilə əlaqədar narahatlıq olub.
Arena.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Almaniya təmsilçisinin futbolçuları qarşılaşma başa çatdıqdan dərhal sonra avtobusa minərək otelə yollanıblar. Komandanın baş məşqçisi Niko Kovaç bildirib ki, futbolçular bazar ertəsi keçirilən məşqdən sonra da eyni addımı atıblar:
“Bizə burada duş qəbul etməməyimizin daha yaxşı olacağını dedilər. Buna görə də dərhal otelə yollandıq”, – deyə xorvatiyalı mütəxəssis oyundan sonrakı mətbuat konfransında bildirib.
Klubun idman direktoru Ole Buk isə oteldə duş qəbul etməyin daha cəlbedici olduğunu söyləyib. Onun sözlərinə görə, stadiondakı şərait o qədər də komfortlu deyil.
“Bild” yazır ki, Dortmund klubu stadionun su təchizatı sistemində legionella bakteriyalarının ola biləcəyindən narahat olub. Bununla belə, nəşr bu ehtimalları təsdiqləyən hər hansı konkret məlumat təqdim etməyib. Əksinə, qəzet stadiondakı duş zonasının ilk baxışdan təmiz və baxımlı göründüyünü qeyd edib.
“Sabah”ın futbolçusu, Almaniyada anadan olmuş Coy-Lens Mikels isə stadiondakı şəraitlə bağlı iradları anlamadığını bildirib:
“Onların burada duş qəbul etməyi niyə bəyənmədiklərini başa düşmürəm. Cəmi bir həftə əvvəl “Slaviya” ilə oyundan öncə burada duş qəbul etmişdik. Duşlar əladır, su da heç soyuq deyil”, – deyə Mikels nəşrə açıqlamasında bildirib.
Qeyd edək ki, “Sabah” – “Borussiya” qarşılaşması oktyabrın 20-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilib və Dortmund təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


