“The Times” İnfantinodan üzr istədi

İngiltərənin “The Times” qəzeti FİFA prezidenti Canni İnfantinonun guya ikinci maaş alması ilə bağlı dərc etdiyi xəbərə görə üzr istəyib.

Arena.az xəbər verir ki, bu barədə nəşrin rəsmi saytında məlumat verilib.

Oktyabrın 13-də “The Times” İnfantinonun 2024-cü ildə FİFA-dan ikinci maaş aldığını iddia edən məqalə dərc edib. Qəzet son açıqlamasında bu məlumatın həqiqətə uyğun olmadığını etiraf edib.

“2026-cı il oktyabrın 13-də idman bölməsində Canni İnfantinonun FİFA-dan təşkilatın ictimaiyyətə açıqlamadığı ‘ikinci maaş’ aldığını bildirmişdik. Bu iddia yanlışdır. Heç bir “ikinci maaş” olmayıb. İsveçrənin maliyyə hesabatlılığı qaydalarına əsasən, FİFA İnfantinonun əldə etdiyi xərclər və kompensasiyalar barədə illik hesabatında məlumat verməyə borclu deyil, çünki bunlar “əməkhaqqı” kateqoriyasına aid edilmir”, – qəzetin bəyanatında bildirilib.

Nəşr, həmçinin İnfantinonun Mayamidə daşınmaz əmlakı dəyərindən aşağı qiymətə alması ilə bağlı əvvəlki məlumatının da yanlış olduğunu etiraf edib. Qəzet əlavə edib ki, nə FİFA prezidentinin özü, nə də ailə üzvləri “Shadi LLC” şirkətinin hüquqi və ya faktiki sahibləridir və şirkətə nəzarət etmirlər.

Qəzet yol verdiyi səhvlərə görə Canni İnfantinodan və FİFA-dan üzr istəyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: