Kovaç: “Sabah”a daha 3-4 qol vura bilərdik”

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasında “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Almaniya təmsilçiləri bu gün ÇL-in Liqa mərhələsinin 3-cü turu çərçivəsində Bakıda üz-üzə gəliblər.

Niko Kovaç oyundan sonra komandasının çıxışını dəyərləndirib. O, qələbədən razı qaldığını və komandasının daha çox qol vura biləcəyini bildirib:

“Qələbəmizə sevinirik. Bu, tamamilə layiqli qələbə idi. Oyuna nəzarət edirdik və məncə, daha 3-4 qol vurmalı idik. Ancaq “Sabah”ın əks-hücumlarda çox təhlükəli komanda olduğunu bilirdik və bunu bir neçə dəfə gördük. Qarşılaşma çətin keçdi, amma nəticədən razıyam. Üç oyundan sonra altı xalımız var”, – deyə Kovaç bildirib.

Baş məşqçi komandasının hücum oyunundan da razılığını ifadə edib:

“Çoxlu qol imkanlarımız oldu. Hücumameyilli oynadıq və tez-tez irəli atıldıq. Cinah oyunçularından və cinah müdafiəçilərindən çox yaxşı istifadə etdik. Həmçinin rəqibin cərimə meydançasına çoxlu futbolçu göndərdik. Komandamın çıxışından razıyam. Bu yolla davam edə bilərik”.

Dortmund təmsilçisinin hücumçusu Seru Girassi də qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. “Sabah”la oyunda iki qol vuran və matçın ən yaxşı oyunçusu elan edilən forvard komandanın matça yaxşı başladığını, lakin sonradan tempin bir qədər aşağı düşdüyünü qeyd edib:

“Matça çox yaxşı başladıq və gözəl futbol oynadıq. Sonra bir qədər gerilədik. Daha sabit çıxış etməliyik. Mövsümün əvvəlindən özümü çox yaxşı hiss edirəm. Bu gün iki qol vurdum, amma əvvəllər də dediyim kimi, belə nəticələrə təkbaşına nail ola bilmərəm. Buna görə komandaya təşəkkür edirəm. Davam etməliyik. Bəzən asan olmur, amma biz yüksək səviyyəli komandayıq və oyunlarda qalib gəlmək üçün bunu etməliyik”.

“Borussiya”nın qapıçısı Qreqor Kobel isə komandanın qol imkanlarından daha yaxşı yararlanmalı olduğunu bildirib:

“Bir və ya iki qolu daha erkən vura və oyunun qalan hissəsini daha rahat keçirə bilərdik. Çoxlu qol fürsətləri yaratdıq. Bu, şübhəsiz ki, son həftələrlə müqayisədə daha yaxşı göstəricidir və çox müsbət məqamdır. Təəssüf ki, oyunun taleyini daha erkən həll edə bilmədik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: