“Mançester Siti”dən Vensan Kompaniyə dəstək

“Mançester Siti” sabiq kapitanı, hazırda “Bayern”in baş məşqçisi olan Vensan Kompaninin səhhətindəki problemlərlə bağlı ona dəstək olub.

Arena.az xəbər verir ki, 40 yaşlı belçikalı mütəxəssis oktyabrın 23-də komandanın səhər məşqi zamanı huşunu itirib və təcili xəstəxanaya çatdırılıb.

İngiltərə klubunun mətbuat xidməti sosial şəbəkələrdə paylaşım edərək klubun əfsanəsinə tezliklə sağalmasını arzulayıb:

“Mançester Siti”dəki hər kəs sabiq kapitanımız və klub əfsanəsi Vensan Kompaninin tezliklə sağalmasını arzulayır. Tezliklə sağal, Vinni!”, – deyə açıqlamada bildirilib.

Məlumata görə, belçikalı mütəxəssis son günlər ağır virus infeksiyası səbəbindən ciddi səhhət problemləri yaşayıb. Kompani özünü pis hiss etdiyinə görə Münhen təmsilçisinin bir neçə məşqində iştirak etməyib, həmçinin UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Arsenal”la keçirilən oyun öncəsi mətbuat konfransını buraxıb. Həmin qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Xəstəliyinə baxmayaraq, işinə qayıtmağa çalışan Kompani komandanın məşqinə rəhbərlik edib. Lakin onun səhhəti buna imkan verməyib və mütəxəssis xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Bayern” oktyabrın 25-də Almaniya Bundesliqasının növbəti turunda səfərdə “Frayburq”la qarşılaşacaq. Kompaninin bu matçda iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: