Azərbaycanın kişilərdən ibarət “Kür” həndbol komandası EHF Avropa Kubokunun 2026/27 mövsümündə növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovinanın “MRK Sloqa Doboy” kollektivi ilə üz-üzə gəlib.
Bu komandalar arasındakı ikinci qarşılaşma da mingəçevirlilər üçün uğursuz alınıb. Azərbaycan təmsilçisi “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil edilmiş görüşdə rəqibinə 30:32 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycanla Bosniya və Herseqovina komandaları arasındakı ilk oyun da ötən gün eyni məkanda baş tutmuşdu. Komandamız ilk görüşdə də rəqibinə 26:38 hesabı ilə uduzmuşdu.
Beləliklə, iki oyunun nəticəsinə görə daha üstün olan Bosniya və Herseqovina komandası növbəti mərhələyə yüksəlib. Məğlub olan Azərbaycan təmsilçisi üçün isə avrokubokda mübarizə başa çatıb.


