U-15 dünya çempionatı başladı, millimiz 6 qola sevindi

Bu gün Bakıda təşkil olunmuş və ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalının rəsmi açılış mərasimi keçirilib.

Arena.az xəbər verir ki, tədbir Bakı Kristal Zalında baş tutub.

İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib. Açılış mərasimində çıxış edən Təşkilat Komitəsinin sədri Samir Şərifov və FIFA prezidenti Canni İnfantino U-15 dünya çempionatının önəmindən bəhs ediblər. Rəsmi şəxslərin çıxışından sonra açılış mərasiminin bədii proqramı baş tutub. Son olaraq FIFA-nın və iştirakçı ölkələrin bayraqları meydana gətirilib.

Tarixi mundialın açılış mərasimini Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də canlı izləyiblər.

Qeyd edək ki, bu gün start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək.

Azərbaycan millisi də bu gün ilk oyununu keçirib. Komandamız Bakı Kristal Zalında Timor-Leste yığması ilə üz-üzə gəlib. Dövlət başçısı, birinci xanım, ailə üzvləri və FIFA prezidentinin də canlı izlədiyi görüşdə millimiz möhtəşəm qələbəyə imza atıb – 6:0. Komandamızın heyətində Müşfiq Zamanov və Həsən Məhmədov dubla imza atıblar. Digər qolları isə Yusif Əlizadə və Asif Allahverdizadə vurublar.

Xatırladaq ki, Azərbaycan milli komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Komandamız oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: