Cəlal Hüseynov 73 dəqiqə oynadı, 6 qola sevindi

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Rumıniyanın “Petrolul” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Rumıniya Kubokunun qrup mərhələsinin 2-ci turunda “Proqresul Spartak”la qarşılaşıb.

Ployeşti təmsilçisi səfərdə üçüncü liqada mübarizə aparan rəqibini 6:0 hesabı ilə məğlub edib.

Azərbaycanlı müdafiəçi qarşılaşmaya start heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Həmin vaxt onun komandası dörd top fərqi ilə öndə olub.

Bu qələbədən sonra “Petrolul” Rumıniya Kubokunun B qrupunda 3 xalla dördüncü pillədə qərarlaşıb.

“Petrolul” növbəti oyununu oktyabrın 31-də Rumıniya Super Liqasında ÇFR (Kluj) komandasına qarşı keçirəcək. Futbolçumuzun komandası dekabrın 2-də isə ölkə kubokunda “Sepsi” ilə qarşılaşacaq.

Xatırladaq ki, azərbaycanlı müdafiəçi bu ilin yayında “Petrolul”a azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb. O, sözügedən komandanın heyətində 11 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Zirə”nin yetirməsi olan Cəlal Hüseynov 2023-cü ilin iyun ayında Bolqarıstanın “Arda” klubuna keçib. Azərbaycanlı futbolçu bu komandada 87 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, 2025-ci ilin yayında yenidən Bolqarıstan klubuna qayıtmışdı.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 12 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: