Kilian Mbappe çinli azarkeşlərdən üzr istədi

Madrid “Real”ının və Fransa millisinin hücumçusu Kilian Mbappe daha əvvəl səsləndirdiyi fikirlərə görə çinli azarkeşlərdən üzr istəyib.

Arena.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

“Dediklərimdən inciyən hər kəsdən üzr istəyirəm. Belə bir niyyətim qətiyyən olmayıb. Çin xalqına və onun tarixinə dərin hörmət bəsləyirəm və səmimi qəlbdən təəssüflənirəm”, – deyə fransalı futbolçu bildirib.

Qeyd olunur ki, Mbappe bəyanatının mətnini fransız, ingilis və Çin dillərində AFP-yə təqdim edib. Bundan əvvəl İspaniya La Liqasının rəhbərliyi də yaranmış vəziyyətə görə çinli azarkeşlərdən üzr istəyib.

Xatırladaq ki, qalmaqala Mbappenin müsahibələrinin birində sevimli meminin öz üzünün qrafik redaktə vasitəsilə Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun təsvirinə yerləşdirilməsi barədə danışması səbəb olub.

Bundan sonra Çinin “Dongpeng” və “Mengniu” şirkətləri futbolçu ilə reklam əməkdaşlığını dayandırıb. Çin Mərkəzi Televiziyası isə onun iştirak etdiyi İspaniya çempionatı oyunlarının yayımını müvəqqəti dayandırıb.

27 yaşlı Kilian Mbappe 2024-cü ildən “Real”da çıxış edir. O, Madrid klubu ilə 2024/25 mövsümündə UEFA Super Kubokunu və Qitələrarası Kuboku qazanıb. Daha əvvəl “Monako” və PSJ-də çıxış edən hücumçu Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu, 2022-ci ildə isə dünya çempionatının gümüş mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: