“Qarabağ” klubu uzun müddətdir cəzalı olan 31 yaşlı sağ cinah müdafiəçisi Abbas Hüseynov ilə yollarını birdəfəlik ayırmağa qərar verib.
Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.
Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Ağdam təmsilçisi futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Abbas Hüseynov keçmiş “Keşlə” (indiki “Şamaxı”) klubunun yetirməsidir. O, 2017-ci ildən “Qarabağ”da forma geyinirdi. Müdafiəçi Ağdam klubunun heyətində 182 oyuna çıxıb, 6 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. Abbas “Qarabağ”la birlikdə 7 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
Sonda onu da vurğulayaq ki, Abbas Hüseynov bu ilin aprel ayında komanda yoldaşı Elvin Cəfərquliyevlə birgə nizam-intizam qaydalarını pozması səbəbindən əvəzedici heyətə göndərilmişdi. Bu mövsümün əvvəlində Elvin baş məşqçi Qurban Qurbanov tərəfindən bağışlanaraq əsas komandaya qaytarılmışdı. Lakin təcrübəli mütəxəssis Hüseynovu bağışlamamışdı. O, hətta bir müddət öncə sözügedən məsələnin onun üçün birdəfəlik bağlandığını da bəyan etmişdi.
Qeyd edək ki, Abbas həm də, Qurban Qurbanovun qardaşı Musa Qurbanovun kürəkənidir.



