Azərbaycan çempionu “Sabah”ın amerikalı basketbolçusu Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, 28 yaşlı basketbolçu FIBA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə 52 faiz səslə birinci olub.
Cerri Bleyks bu ada “Sabah”ın Türkiyənin “Trabzonspor” komandasını 91:72 hesabı ilə məğlub etdiyi qarşılaşmadakı çıxışından sonra layiq görülüb. O, meydanda keçirdiyi 29 dəqiqə ərzində 17 xal, 9 məhsuldar ötürmə və 4 ribaundla yadda qalıb. Amerikalı basketbolçu görüşü 28 effektivlik reytinqi ilə başa vurub.
Bu qələbə sayəsində “Sabah” FIBA Çempionlar Liqasının qrup mərhələsində ikinci uğurunu qazanıb.
Xatırladaq ki, daha əvvəl Bakı klubunun digər basketbolçusu Frenki Fidler də də azarkeşlərin səsverməsinə əsasən ÇL-də həftənin ən yaxşı oyunçusu seçilmişdi.


