Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 7-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, turun ikinci oyun günündə “Landau Lions” və “Gəncə” komandaları üz-üzə gəliblər.
Qarşılaşma Bakıdakı Milli Gimnastika Arenasında baş tutub. “Landau Lions” görüşdən 85:62 hesablı qələbə ilə ayrılıb. Oyunun hissələri üzrə nəticə belə olub: 24:12, 24:19, 19:14, 18:17.
Qalib komandanın heyətində De’Ondre Cekson 24 xalla matçın ən məhsuldar basketbolçusu olub.
Beləliklə, “Landau Lions” 6 oyundan sonra 3-cü qələbəsini qazanıb və xallarını 9-a çatdırıb. Komanda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Gəncə” isə 6 oyundan 2 qələbə və 4 məğlubiyyətlə 8 xala malikdir və 6-cı sırada yer alır.
ABL-də 7-ci turun son oyunları noyabrın 16-da keçiriləcək:
19:00. “NTD” – “Naxçıvan”
Bakı İdman Sarayı
19:00. “Sumqayıt” – “Ordu”
Sumqayıt Olimpiya İdman Kompleksi.
Qeyd edək ki, turun ilk oyununda “Sabah” “Neftçi”ni 93:78 hesabı ilə məğlub edib.


