Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov sabah Andorraya qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandalar sabah – noyabrın 16-da Enkam şəhərində yerləşən “Estadi de la FAF” stadionunda üz-üzə gələcəklər.
Emin Mahmudov bu gün təşkil edilmiş mətbuat konfransında bunları dilə gətirib:
“Bu, milli komandada son oyunum olacaq. Həmişə dediyim kimi, meydana qələbə qazanmaq üçün çıxırıq. Yaxşı oyun göstərmək bizim üçün çox vacibdir. Son matçımda da əlimdən gələni edəcəyəm ki, yaxşı çıxış edim və yadda qalım.
Ən yadda qalan İrlandiya seçməsinin qapısına vurduğum qoldur, çünki o, möhtəşəm bir stadionda olmuşdu. Lüksemburqla matçda cərimə zərbəsindən vurduğum qolu da qeyd edərdim. Hər oyunda qol vurmaq şansım olur və bunun üçün həmişə çalışıram. İmkan olanda məşqlərdən sonra da qalıb zərbə məşqləri edirəm, çünki fərqlənməyi hər zaman istəyirəm. Amma mən həmişə ilk növbədə düşünmüşəm ki, komandanın qələbəsi daha vacibdir.
Bilirsiniz ki, bu, milli komandadır və növbəti ev oyunumuzun nə vaxt olacağını dəqiq bilmirik. Ona görə də çox gözləmək istəmirdim. Evdəkilərlə, dostlarımla və baş məşqçimlə danışdım. Qərara gəldim ki, gözləməkdənsə, bu addımı indi atım. Martda ev oyunumuzun olub-olmayacağı bəlli deyil. Ona görə də vaxt itirmək istəmədim.
İndi əsas məqsədim millidən sonra “Neftçi” ilə çempion olmaqdır. İnşallah, bunun üçün vuruşacağıq”.


