Ronaldinyo 11 ildən sonra peşəkar futbola qayıtdı!

Futbol üzrə Braziliya milli komandasının sabiq yarımmüdafuəçisi, əfsanəvi Ronaldinyo 11 ildən sonra peşəkar səviyyədə meydana çıxıb.

Arena.az xəbər verir ki, 46 yaşlı keçmiş futbolçu İtaliya üçüncü liqasında – C Seryasında çıxış edən “Ravenna”nın heyətində “Forli”yə qarşı 14-cü tur matçında start heyətində yer alıb.

“Ravenna” doğma meydanda “Forli”ni 2:0 hesabı ilə məğlub edib. Qollara 36-cı dəqiqədə Culio Donati, 58-ci dəqiqədə isə Simone Rabbi imza atıb.

Ronaldinyo görüşün ilk hissəsində meydanda olub və fasilədə əvəzlənib. Braziliyalı ulduz komandasının ilk qoluna aparan hücumun başlanmasında iştirak edib.

Bu, 2015-ci ildə karyerasını başa vurduğunu elan etmiş Ronaldinyonun 11 ildən sonra ilk rəsmi peşəkar oyunu olub. O, iyun ayında “Ravenna”ya keçib və eyni zamanda klubun investorlarından biridir.

Qarşılaşmadan sonra braziliyalı oyunçu futbola qayıdış ehtimalını istisna etməyib:

“Gələcəklə bağlı hələ heç nə deyə bilmərəm. Qayıdış mümkündür – burada hər şey prezidentdən asılıdır. Oyun mənə xoşbəxtlik bəxş edir. Futbol həyatımda baş verən ən yaxşı şeydir. Bu 45 dəqiqə göz açıb yumunca keçdi”.

Qeyd edək ki, “Ravenna” 14 turdan sonra 32 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Forli” isə 15 xalla 15-ci yerdədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: