Messinin anası Pası oğlunun Argentinadakı varisi adlandırdı

Lionel Messinin anası Seliya Kuççittini “Komo”nun yarımmüdafiəçisi Nikolas Pası Argentina milli komandasında oğlunun varisi hesab edir.

Arena.az xəbər verir ki, bu barədə futbolçunun əmisi Fabian Pas “Radio La Red”ə açıqlamasında danışıb.

Hadisə oktyabrın 7-də Argentina millisinin Beninə qarşı keçirdiyi son oyundan (3:0) sonra baş verib. Messi həmin qarşılaşmada bir qol vurub və iki məhsuldar ötürmə edib.

Fabian Pasın sözlərinə görə, oyundan sonra Nikolas Pas Messinin anası ilə görüşüb. Seliya Kuççittini emosional vəziyyətdə olan gənc futbolçunun əlindən tutaraq ona “Sən mənim oğlumun varisisən” deyib.

“O, paltardəyişmə otağından çıxdı və Messinin anası ağlayırdı. Niko onu tanıdığına görə salamlaşmaq üçün yaxınlaşdı. Messinin anası onun əlindən tutaraq dedi: “Sən mənim oğlumun varisisən”. Mən onu avtomobildə gözləyirdim. O, çıxanda şokda idi və mənə dedi: “İndicə baş verənlərə inana bilmirəm”. Bunu mənə inanılmaz bir hadisə kimi danışdı. O, daxilən uşaq kimidir, çox emosionaldır”, – Fabian Pas bildirib.

22 yaşlı Nikolas Pas “Real” akademiyasının yetirməsidir. O, 2024-cü ildə Madrid klubunun heyətində İspaniya çempionluğu, Çempionlar Liqası və İspaniya Super Kubokunu qazanıb.

Pas 2024-cü ildən İtaliyanın “Komo” klubunda çıxış edir. O, əvvəlcə icarə əsasında bu komandada oynayıb, daha sonra transferi rəsmiləşdirilib.

Qeyd edək ki, 39 yaşlı Lionel Messi Argentina millisində son oyununu oktyabrın 7-də keçirib. Ulduz futbolçu yığmada 2008-ci ildən çıxış edib və dünya çempionu (2022), ikiqat Amerika Kuboku qalibi (2021, 2024) və 2008-ci il Olimpiya çempionudur. O, həmçinin səkkiz “Qızıl top”la bu mükafatın rekordçusudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: