Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2027/2028-ci illər mövsümünün başlama və bitmə, eləcə də digər əsas tarixləri açıqlanıb.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun oyunlarına 13 avqust 2027-ci ildə – cümə günü start veriləcək.
Mövsümün son turu isə 21 may 2028-ci ildə – bazar günü keçiriləcək. Son turda bütün qarşılaşmalar ənənəvi olaraq eyni vaxtda başlayacaq.
Yeni mövsümün başlanğıcı ilə 2026/2027-ci illər mövsümünün başa çatması arasında 75 tam gün olacaq.
2027/2028-ci illər mövsümündə ümumilikdə 33 həftəsonu turu və 5 həftəiçi oyun turu keçiriləcək.
Premyer Liqanın növbəti mövsümü UEFA Çempionlar Liqasının finalından bir həftə əvvəl başa çatacaq.
Bundan əlavə, Milad və Yeni il bayramları dövründə sıx oyun qrafikinin qarşısının alınması məqsədilə heç bir iki tur arasında 60 saatdan az fasilə olmayacaq.
Qeyd edək ki, bu qərar Premyer Liqa klublarına bayram günlərində həddindən artıq sıx oyun təqviminin azaldılması ilə bağlı verilmiş əvvəlki vədlərə uyğun olaraq qəbul edilib.


