Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kristiano Ronaldo karyerasında vurduğu qolların sayını 986-ya çatdırıb.
Arena.az xəbər verir ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı çempionatının 9-cu turunda “Əl-Əhli” ilə səfər oyununda fərqlənib.
Qarşılaşma “Əl-Nəsr”in 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ronaldo 14-cü dəqiqə hesabı açıb, amma 18-ci dəqiqədə dubla imza atmaq üçün əldə etdiyi şansı dəyərləndirə bilməyib. Belə ki, ulduz futbolçunun penalti zərbəsi uğursuz alınıb. İlk hissədə hesaba tarazlıq gətirmiş “Əl-Əhli” ikinci hissədə daha iki qol vurmaqla əzmkar qələbəyə sevinib.
“Əl-Nəsr” hazırda 28 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Ronaldonun komandası keçirdiyi 12 oyunda 9 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 13 oyuna çıxıb, 10 qol vurub. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 161 oyun, 139 qol və 25 məhsuldar ötürmədən ibarətdir.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, Səudiyyə Ərəbistanı çempionu (2025/2026) olub.
Kristiano Ronaldo 2003-cü ildə debüt etdiyi Portuqaliya yığmasının heyətində 234 oyuna 146 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 41 yaşlı veteran hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


