Futbol üzrə İspaniya millisi ilə dünya və Avropa çempionu olmuş Karles Puyol Andorranın “İnter Eskaldes” klubunda direktor təyin edilib.
Arena.az xəbər verir ki, 48 yaşlı keçmiş futbolçu klubun beynəlxalq əlaqələr üzrə direktoru vəzifəsini icra edəcək.
Puyol komandanın beynəlxalq inkişafına, ölkə xaricində mövqelərinin gücləndirilməsinə və institusional inkişafına cavabdeh olacaq.
Qeyd edək ki, Puyol 2022-ci ilin əvvəlindən ailəsi ilə birlikdə Andorrada yaşayır.
Keçmiş müdafiəçi bütün peşəkar karyerasını “Barselona”da keçirib. Kataloniya klubunun heyətində 6 dəfə İspaniya çempionu, 3 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O, həmçinin 2 dəfə İspaniya Kubokunu, 6 dəfə İspaniya Super Kubokunu, 2 dəfə UEFA Super Kubokunu və 2 dəfə klublararası dünya çempionatını qazanıb.
İspaniya millisində 100-dən çox oyun keçirmiş Karles Puyol 2008-ci ildə Avropa, 2010-cu ildə isə dünya çempionu olub.
“İnter Eskaldes” hazırda Andorra çempionudur. Klub ölkə tarixində avrokubokların əsas mərhələsinə yüksələn ilk komanda kimi də tarixə düşüb. Andorra təmsilçisi 2026/2027-ci illər mövsümündə Avropa Konfrans Liqasının əsas mərhələsində mübarizə aparır.


