Amerika futbolunun canlı əfsanəsi, yeddiqat “Super Bowl” çempionu Tom Breydi İngiltərənin “Çelsi” klubuna ortaq olub.
Arena.az xəbər verir ki, 49 yaşlı keçmiş kvoterbek London klubuna nəzarət edən “Clearlake” şirkətində minoritar pay əldə edib. Bu barədə ESPN öz mənbələrinə istinadən məlumat yayıb.
Breydinin “Çelsi”də əməliyyat məsələləri üzrə məsləhətçi kimi fəaliyyət göstərəcəyi gözlənilir. Bununla belə, amerikalının şirkətdə səsvermə hüququ olmayacaq.
Bu, Breydinin İngiltərə futboluna ilk investisiyası deyil. O, 2023-cü ilin avqustunda “Birmingem Siti”nin səhmdarlarından birinə çevrilmişdi. Lakin amerikalı bu ilin noyabrında klubdakı fəaliyyətini dayandırıb.
Tom Breydi 2000-ci ildən 2023-cü ilədək NFL-də çıxış edib. Karyerasını “Nyu-İnglənd Patriots” və “Tampa Bay Buccaneers” klublarında keçirən əfsanəvi oyunçu yeddi dəfə “Super Bowl” qalibi olub və bu göstərici üzrə NFL rekordçusudur.
Breydi 2001, 2003, 2004, 2014, 2016, 2018 və 2020-ci illərdə “Super Bowl” qələbəsi yaşayıb. O, həmçinin “Super Bowl”un ən dəyərli oyunçusu adına rekord sayda – 5 dəfə layiq görülüb.
2000-2019-cu illərdə “Nyu-İnqlənd Patriots”un formasını geyinmiş Breydi bu komandanın heyətində 6 “Super Bowl” qazanıb. 2020-ci ildə “Tampa Bay Buccaneers”ə keçən amerikalı yeni komandası ilə də çempionluq yaşayıb.
Breydi NFL tarixində kvoterbek kimi ən çox qələbə qazanan oyunçu rekordunun da sahibidir.



