“Beşiktaş” – “Hapoel” matçında 16 nəfər saxlanılıb

Gürcüstanda Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel” komandaları arasında keçirilmiş oyunda baş vermiş hadisələrlə bağlı 16 nəfər saxlanılıb.

Arena.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Avropa Meydanından stadiona yürüş zamanı bəzi azarkeşlər ictimai asayişi pozub və polisin qanuni tələblərinə tabe olmayıblar. Gərginlik stadionda da davam edib.

Nazirlik zorakılıq hallarının qarşısını almaq üçün polisin xüsusi vasitələrdən də istifadə etdiyini, nəticədə üç əməkdaşın müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.

Açıqlamada polisin güc tətbiqinin Fələstin bayrağı və pankartların nümayişi ilə əlaqələndirilməsinin həqiqətə uyğun olmadığı vurğulanıb.

Nazirlik Gürcüstan ərazisində olan hər kəsin, vətəndaşlığından və milliyyətindən asılı olmayaraq, ölkə qanunvericiliyinə riayət etməli olduğunu xatırladıb.

Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş “Beşiktaş” – “Hapoel” (Beer Şeva) oyunu Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə və İsrail arasındakı münasibətlər üzündən UEFA bu oyunun məhz Batumidə təşkil edilməsinə qərar verib. Amma matç böyük qalmaqallarla yadda qalıb. Belə ki, matçın 20-ci dəqiqəsində tribunalarda qarşıdurma yaşanıb. “Beşiktaş” azarkeşləri “Fələstinə azadlıq” şüarının yer aldığı plakatlar və bayraqlar açıblar. Bu zaman Gürcüstan polisi plakatı azarkeşlərin əlindən almaq istəyib. Nəticədə azarkeşlərlə polis arasında qarşıdurma yaranıb. Polisin bibər qazı və dəyənəklərlə müdaxiləsi nəticəsində xəsarət alan azarkeşlərdən biri təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Nəticədə matç 0:0 hesabı ilə davam edərkən dayandırılıb. Qarşılaşmanın baş hakimi Morten Kroq köməkçiləri ilə birlikdə paltardəyişmə otağına yollanıb. Təxminən yarım saatlıq fasilədən sonra qarşılaşma bərpa olunub. Yekunda Türkiyə təmsilçisi “ev” oyunundan 2:1 hesablı qələbə ilə ayrılıb.

“Qara qartallar” dəstəksiz qalmadılar

“Beşiktaş” – “Hapoel” qarşılaşmasında yaşanan hadisələr Türkiyədə də geniş əks-səda doğurub. İstanbul klubu Gürcüstan polisinin azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiq etməsini pisləyən bəyanat yayıb. Klub məsələ ilə bağlı Türkiyənin Batumidəki Baş Konsulluğu və UEFA qarşısında müvafiq addımların atıldığını açıqlayıb. Klub rəhbərliyi bütün azarkeşlər Türkiyəyə sağ-salamat qayıdanadək vəziyyəti diqqətdə saxlayacağını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da “qara qartallar”ın prezidenti Serdal Adalıya zəng edərək klub və azarkeşlərlə həmrəyliyini ifadə edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə Batumidəki Türkiyə vətəndaşlarının vəziyyəti ilə bağlı gürcüstanlı həmkarı Maka Boçorişvili ilə telefon danışığı aparıb.

Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak təhlükəsizlik qüvvələrinin azarkeşlərə qarşı müdaxiləsini sərt şəkildə pisləyib, türk idmanının və azarkeşlərin hüquqlarını bütün platformalarda müdafiə edəcəklərini vurğulayıb.

“Qalatasaray”, “Fənərbağça”, “Trabzonspor” kimi nəhənglər başda olmaqla Türkiyənin az qala bütün klubları bəyanat yayıblar, baş verənləri pisləyiblər, “Beşiktaş”a dəstəklərini nümayiş etdiriblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: