Lionel Messi və “İnter Mayami” MLS-in 1/8 finalında dayandı

Futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-in 2026-cı il mövsümünün pley-off mərhələsi çərçivəsində bu gün “Kolumbus Kru” ilə qarşılaşıb.

“Vağlar” 1/8 finalın səfərdə baş tutmuş cavab oyunundan məğlubiyyətlə ayrılıblar – 0:1. Messi bu görüşdə də 90 dəqiqə meydanda olub.

“İnter Mayami” ilk oyunda da 0:3 hesabıyla uduzduğu üçün MLS-in pley-offunda mübarizəni dayandırıb.

Xatırladaq ki, “İnter Mayami” ötən mövsüm MLS çempionu olmuşdu.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 38 oyuna çıxıb, 30 qol vurub, 16 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 126 oyun, 107 qol və 60 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Şimali Amerika Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib, həmçinin Çempionlar Kubokunu (2026) əldə edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 49-cu qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi artıq karyerasını bitirdiyi Argentina yığmasında 208 oyun keçirib, 126 qol vurub, 69 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: