Azərbaycan şahmatçısı Xaqan Əhməd Venesuelada 20 yaşadək şahmatçılar arasında təşkil edilmiş dünya çempionatında gümüş medal qazanıb.
Arena.az xəbər verir ki, 15 yaşlı şahmatçı Venesuelanın paytaxtı Karakasda keçirilən yarışın sonuncu – 11-ci turunda Paraqvay təmsilçisi Xuan Sebastyan Melianla heç-heçə edib.
Bununla da Xaqan Əhməd 11 turdan sonra hesabına 8,5 xal yazdıraraq turniri ikinci pillədə başa vurub. Azərbaycanlı şahmatçı çempion olan Hindistan təmsilçisi Etan Vazdandan cəmi yarım xal geri qalıb.
Açıq kateqoriyada 59 şahmatçının mübarizə apardığı dünya çempionatında Azərbaycanı Xaqan Əhmədlə yanaşı, Lalə Hüseynova da təmsil edib.
Qadınlar arasında keçirilən yarışda çıxış edən Lalə Hüseynova 11 turda 6,5 xal toplayaraq yekun sıralamada 15-ci yeri tutub. Bu kateqoriyada isə 44 şahmatçı mübarizə aparıb.


