“Everton” kapitanı ilə müqavilə yenilədi

İngiltərənin “Everton” klubu kapitan Şeymus Koulmen ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu ilə yeni müqavilə 2023-cü ilin yayına kimidir. Əvvəlki sözləşmənin müddəti 2022-ci ilin yayında bitəcəkdi.

Şeymus Koulmen “Slayqo Rovers” klubunun yetirməsidir. Təcrübəli sağ cinah müdafiəçisi 2009-cu ildə məhz bu klubdan 60 min funt-sterlinqə “Everton”a transfer olunub. İrlandiyalı futbolçu yalnız 2010-cu ildə qısa müddət “Blekpul”da icarədə oynayıb. “Everton”un heyətində bütövlükdə 350 matça çıxan müdafiəçi, bu görüşlərdə 26 qol da vurub.

Koulmen İrlandiya yığmasında da 59 matça çıxıb, 1 qolla yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: