“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, səfərdə 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var.
İlk hissədə hücumla yarımmüdafiə arasındakı məsafənin böyük olması düşündüyümüz gediş deyildi. Sadəcə, rəqib bizi buna məcbur etdi. “Sumqayıt” kompakt oynayırdı. Deməzdim ki, ilk qolda hər şey əldən getdi. Amma ikinci qoldan sonra vəziyyət çox mürəkkəb oldu. Rəqib də ondan sonra daha rahat oynamağa başladı.
Bizim komandada gedənlərin sayı gələnlərdən çox oldu. Üstəlik, bəzi gələnləri hələ sifariş edə bilməmişik. Məsələn, Sebalyosun sənədləri ilə bağlı problem var. Yeni transferlər ola bilər. Qarşıdakı 20 gündə maksimum hazırlaşacağıq. Mən olsam da, olmasam da, bu heyət avrokuboklarda çıxış edəcək”.


