İspaniyanın “Barselona” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, Kataloniya təmsilçisini bundan sonra Xavi Ernandes çalışdıracaq.
Bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. 41 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Klubdan verilən məlumata görə, Xavi sabah Kataloniyaya gələcək. Noyabrın 8-də isə onun baş məşqçi kimi rəsmi təqdimat mərasimi təşkil olunacaq. Məhz bundan sonra Xavi doğma komandasında məşqçi kimi fəaliyyətə başlayacaq.
Xavi futbolçu kimi 1997-2015-ci illərdə “Barselona”da çıxış edib. O, bu klubun əsas komandasında keçirdiyi 17 mövsüm ərzində 767 oyun keçirib, 25 titul qazanıb. Belə ki, Xavi Kataloniya təmsilçisində 8 dəfə (1998/99, 2004/05, 2005/06, 2008/09, 2009/10, 2010/11, 2012/13 və 2014/15) İspaniya çempionu olub, 4 dəfə (2005/06, 2008/09, 2010 11/11 и 2014/15) UEFA Çempionlar Liqasını qazanıb. Keçmiş yarımmüdafiəçi İspaniya kubokunda 3 (2008/09, 2011/12 və 2014/15), klublararası dünya çempionatında 2 (2009/10 və 2011/12), Avropa Superkubokunda 2 (2009/10 və 2011 / 12) dəfə baş mükafatı başı üzərinə qaldırıb. O, İspaniya Superkubokunda da 6 (2005/06, 2006/07, 2009/10, 2010/11, 2011/12 və 2013/14) dəfə qələbə sevinci yaşayıb.
2015-2019-cu illər aralığında “Əl-Sədd”də oynamış Xavi, 2019-cu ildə bu komandaya baş məşqçi təyin olunmuşdu. İspaniyalı mütəxəssis qısa müddət ərzində bu komandaya bütövlükdə 7 tutul qazandırmışdı. Onun Qətər klubu ilə 2023-cü ilədək müqaviləsi vardı.


