Çempionlar Liqasında 4 qrup üzrə mübarizə başa çatdı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupları üzrə ümumilikdə 8 qarşılaşma baş tutub.

A qrupunda PSJ Fransada “Brügge”ni qəbul edib. “Mançester Siti” isə Almaniyada “Leyptsiq”in qonağı olub. Bu qrupda ilk 2 pillənin sahibi bəlli olduğundan əsas mübarizə 3-cü yer uğrunda gedib. Bundesliqa təmsilçisi qalib gələcəyi halda digər matçın nəticəsindən asılı olmayaraq, Avropa Liqasının pley-offuna vəsiqə əldə edəcəkdi. Belə də olub. PSJ darmadağınla qalib gəlsə də, ikinci pillədə qalıb. “Leyptsiq” isə qalib gəlməklə qrup üçüncüsü olub.

B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən “Liverpul” İtaliyada “Milan”la qarşılaşıb. Qrupun digər oyununda “Portu” evdə Madrid “Atletiko”sunu sınağa çəkib. 2-ci sırada yer alan portuqaliyalılar Madrid təmsilçisini məğlub etsə, qrupdan çıxan 2-ci komanda olacaqdı. Lakin “Atletiko” səfərdə inamlı qələbə qazanmaqla ÇL-in pley-offuna vəsiqəni təmin edib. “Milan” isə “Liverpul”a uduzub və qrup sonuncusu olub.

C qrupunda “Beşiktaş” Dortmund “Borussiya”sının qonağı olub. Qonaqlar avrokuboklarda mübarizə dayandırdığından, meydan sahibləri isə Avropa Liqasının pley-offunu təmin etdiklərindən qarşılaşma forma xarakter daşıyırdı. Buna baxmayaraq, almanlar doğma meydanda 5 cavabsız qolla qalib gəliblər. Digər görüşdə isə qrup qalibi olan “Ayaks” “Sportinq”lə münasibətlərinə aydınlıq gətirib və inamlı qələbəyə sevinib.

D qrupunda Madrid “Real”ı doğma meydanda “İnter”lə 1-ci yer uğrunda mübarizə aparıb. Hər iki komanda növbəti mərhələyə vəsiqə qazansa da, İspaniya nəhəngi qalib gəlməklə birinci olub. Qrupun digər oyununda isə Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən Moldova “Şerif”i qrup sonuncusu olması dəqiqləşən Donetsk “Şaxtyor”un qonağı olub. Bu oyunda qalib müəyyənləşməyib.

Çempionlar Liqasında daha öncə “Mançester Siti”, PSJ, “Liverpul”, “Ayaks”, “Sportinq”, “Real” və “İnter”lə yanaşı, “Bayern” (Almaniya), “Yuventus” (İtaliya), “Mançester Yunayted” və “Çelsi” (İngiltərə) klubları da 1/8 finala vəsiqəni təmin etmişdi.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
7 dekabr

A qrupu

PSJ (Fransa) – “Brügge” (Belçika) 4:1
Qol: Mbappe, 2; 7. Messi, 38; 76-pen. – Rits, 68.

“Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) 2:1
Qol: Soboslai, 24. A.Silva, 71 – Mahrez, 77.

Xal durumu: Mançester Siti – 12, PSJ – 11, Leyptsiq – 7, Brügge – 4.

B qrupu

“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) 1:2
Qol: Tomori, 29 – Salah, 36. Oriqi, 55.

“Portu” (Portuqaliya) – “Atletiko” (Madrid, İspaniya) 1:3
Qol: S.Oliveyra, 90+5-pen – Qrizmann, 56. Korrea, 90. De Paul, 90+2.

Xal durumu: Liverpul – 18, Atletiko – 7, Portu – 5, Milan – 4.

C qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Beşiktaş” (Türkiyə) 5:0
Qol: Malen, 29. Roys, 45+2-pen; 53. Haland, 68; 81.

“Ayaks” (Niderland) – “Sportinq” (Portuqaliya) 4:2
Qol: Haller, 8-pen. Antoni, 42. Neres, 58. Berqeys, 62 – Santos, 22. Tabata, 78.

Xal durumu: Ayaks – 18, Sportinq – 9, Borussiya – 9, Beşiktaş – 0.

D qrupu

“Real” (İspaniya) – “İnter” (İtaliya) 2:0
Qol: Kroos, 17. Asensio, 79.

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Şerif” (Moldova) 1:1
Qol: Fernando, 42 – Nikolov, 90+3.

Xal durumu: Real – 15, İnter – 10, Şerif – 7, Şaxtyor– 2.

Xəbəri sosial şəbəkələrdə paylaş: