İtaliyanın “İnter” klubu yarımmüdafiəçisi Kristian Eriksen ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Danimarkalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna 29 yaşlı yarımmüdafiəçinin səhhətinin futbol oynamağa imkan verməməsi səbəb olub.
Məlum olduğu kimi, AÇ-2020 çərçivəsində iyunun 12-də baş tutan Danimarka – Finlandiya oyunu (0:1) zamanı Eriksenin ürəyi dayanmışdı. Həkimlər onun həyatını çətinliklə xilas edə bilmişdilər və həmin gün baş verənlər bütün dünyanın diqqət mərkəzinə düşmüşdü.
Təcrübəli yarımmüdafiəçi sağ qalsa da, yenidən oxşar problemlə üzləşməməsi üçün ürəyinə kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb. A Seriyasında da ürəyinə kardioverter-defibrillyator quraşdırılmış futbolçunun oynamasına icazə verilmir. Bütün bunları nəzərə alan futbolçu və klubu müqavilənin ləğvi ilə bağlı razılığa gəliblər.
Xatırladaq ki, Eriksen 2020-ci ilin yanvarından “İnter”də çıxış edirdi. Onun İtaliya klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi vardı.
Kristian Eriksen “İnter”dən öncə 7 il İngiltərənin “Tottenhem” klubunun (2013-2020) formasını geyinib. London təmsilçisində 305 matça çıxan yarımmüdafiəçi, 69 qola imza atıb. O, yetirməsi olduğu və 2010-2013-cü illər aralığında uğurları üçün çalışdığı “Ayaks”da da 162 oyunda 32 qolla yadda qalıb. Danimarkalı futbolçunun “İnter” karyerası isə 60 oyun və 8 qoldan ibarət olub. O, 2010-cu ildən Danimarka millisində çıxış edirdi. Ölkəsinin əsas yığmasında 109 oyun keçirən yarımmüdafiəçi, 36 qol vurub.


