Aleksey Baqa “Sumqayıt”ın baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
PRO kateqoriyalı 40 yaşlı mütəxəssislə 2.5 illik müqavilə imzalanıb. Belarusdan olan məşqçi bu postda bir neçə gün öncə istefaya göndərilmiş Ayxan Abbasovu əvəz edib.
Aleksey Baqa futbolçu karyerası dönəmində BATE (Borisov, Belarus), “Dauqava” (Dauqavpils, Latviya) və “Dinamo” (Brest, Belarus) klublarının şərəfini qoruyub. BATE ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi olan (2005/06) Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib. Belə ki, 2011-2018-ci illərdə adıçəkilən klubda köməkçi məşqçi vəzifəsində çalışan 40 yaşlı mütəxəssis 2018-ci ildə baş məşqçi kimi komandanın sükanı arxasına keçib. O, elə ilk ilindəcə komandanı Belarus çempionu edib. Növbəti mövsümdə Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə “Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.
Bundan başqa, Baqa məşqçi karyerasında “Jalgiris” ilə 2020-ci ildə Litva çempionu olub. Qazaxıstanın “Aktobe” (Qazaxıstan) klubunu da çalışdırmış mütəxəssis 2021-ci ildə isə “Şaxtyor” (Soliqorsk) ilə Belarus çempionu adını qazanıb. O, sözügedən klubdan bu ay ayrılıb.
Xatırladaq ki, “Sumqayıt”ı 2018-ci ilin noyabrından Ayxan Abbasov çalışdırırdı. O, həmin vaxt bu postda Nazim Süleymanovu əvəz etmişdi. Abbasovun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, komanda Azərbaycan Premyer Liqasında 14 turda topladığı 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


