Elyakim Manqala “Sent-Etyen”də

Futbol üzrə Fransa yığmasının sabiq müdafiəçisi Elyakim Manqala özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi bundan sonra ölkəsində çıxış edəcək.

O, Fransanın “Sent-Etyen” klubuna keçib. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Manqala ilə müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Elyakim Manqala son olaraq İspaniyanın “Valensiya” klubunun uğurları üçün çalışıb. O, La Liqa klubundan ayrılandan – 2021-ci ilin yayından bəri işsiz idi.

Fransalı futbolu karyerası ərzində “Standard” (Belçika), “Portu” (Portu), “Mançester Siti” və “Everton” (İngiltərə) klublarında da çıxış edib. O, Fransa yığmasında 8 oyun keçirib.

“Sent-Etyen” öz oyunçularından İqnasio Ramireslə də yollarını ayırıb. Ötən il Uruqvayın “Liverpul” (Montevideo) klubundan icarəyə götürülmüş futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 24 yaşlı uruqvaylı forvard bundan sonra ölkəsinin digər klubu “Nasional”da icarə əsasında çıxış edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: