Cüdo yığmamız “Açıq Avropa” turnirinin ilk günündə 4 medal qazandı

Polşanın paytaxtı Varşava şəhərində cüdo üzrə “Açıq Avropa” turnirinə start verilib. Arena.az xəbər verir ki, turnirin birinci günü Azərbaycan cüdoçuları üçün uğurlu alınıb.

Belə ki, cüdoçularımız ilk gündə bütövlükdə 4 (2 qızıl, 1 gümüş və 1 bürünc) medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov final görüşündə Avstraliya təmsilçisi Coşua Katzla qarşılaşıb. Bu rəqibinə də qalib gələn idmançımız Varşavada himnimizi səsləndirməyə nail olub.

Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Rövşən Əliyev isə bürünc medal uğrunda həmyerlisi Nazir Talıbovla qarşılaşıb. Görüşün sonunda Rövşən Əliyev bürünc medal qazanıb.

-66 kq çəki dərəcəsinin final görüşündə də iki Azərbaycan cüdoçusu – İsmayıl İbrahimov və İbrahim Əliyev üz-üzə gəlib. Yekunda İbrahim Əliyev qızıl, İsmayıl İbrahimov isə gümüş medal qazanıb.

“Açıq Avropa” turnirində 34 ölkədən 493 idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparır. Azərbaycanı turnirdə böyük məşqçi Elçin İsmayılov və məşqçi Zaur Babayevin rəhbərlik etdiyi kişilərdən ibarət yığma komanda təmsil edir. Cüdo yığmamız bu turnirə bütövlükdə 13 idmançı ilə yollanıb.

Azərbaycan yarışın ikinci günündə oğlanlar arasında -81 kq, -90 kq və +100 kq çəki dərəcələrində ümumilikdə 5 idmançı ilə təmsil olunacaq.

Bu çəki dərəcələrində ölkəmizi təmsil edəcək idmançıların siyahısı belədir:

-81 kq
Zelim Tçkayev

-90 kq.
Vüqar Talıbov
Coşqun Abdullayev

+100 kq
İmran Yusifov
Camal Feyziyev

Xəbəri paylaş: