Cüdo millimizdə almaniyalı baş məşqçi

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub. Arena.az xəbər verir ki, yığmamızı bundan sonra almaniyalı Riçard Trautman çalışdıracaq.

Yeni yaradılacaq performans direktoru vəzifəsinə isə niderlandlı Mark van de Ham gətirilib. Hər iki mütəxəssis martın 1-də vəzifələrinin icrasına başlayacaq.

Kişilərdən ibarət yığmanın hazırkı baş məşqçisi Mövlud Mirəliyev yığmada böyük məşqçi kimi fəaliyyət göstərəcək.

Riçard Trautman 1992 və 1996-cı illərdəki Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. 53 yaşlı mütəxəssis məşqçilik fəaliyyətinə 2001-ci ildə başlayıb. Trautman həmin il ölkəsində yığmanın köməkçi məşqçisi olub. Baş məşqçi 2005-2008-ci illərdə yeniyetmələrdən ibarət komandaya, 2009-2016-cı illərdə gənclərdən ibarət yığmaya, 2016-2021-ci illərdə isə böyüklərdən ibarət milliyə rəhbərlik edib.

Mark van der Ham məşqçilik fəaliyyətinə 2006-cı ildə Rotterdam klubunda start verib. 44 yaşlı mütəxəssis 2012-2016-cı illərdə ölkəsinin yığma komandasında məşqçi və baş məşqçi kimi çalışıb. Van der Ham 2017-ci ildə Belçikanın gənclərdən ibarət komandasının baş məşqçisi kimi fəaliyyətə başlayıb, 2018-ci ildə böyüklərdən ibarət millinin, 2020-ci ildə isə bütün yığmaların baş məşqçisi təyin olunub.

“Əsas vəzifəmiz Olimpiadada ölkəmizi layiqincə təmsil etməkdir”

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev millidəki yeni təyinatlarla bağlı fikirlərini bölüşüb:

“Əsas vəzifəmiz 2024-cü il Paris Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir. Qarşımızda duran vəzifə hansı addımların atılmasını müəyyənləşdirməkdir. İlk addımımız xarici mütəxəssislərin cəlb edilməsi, infrastruktur, beynəlxalq əlaqələr kimi məsələləri dəyərləndirmək üçün beynəlxalq məsləhətçilər cəlb etməkdir. Son illərin nəticələrinə baxsaq, aparıcı cüdo ölkəsi olduğumuzu deyə bilərik. Cüdonu maksimum kütləviləşdirmək istəyirik. Bunlar əsasında məsləhətçi şirkətlə birgə strategiya müəyyənləşdirilib”.

Nəbiyevin sözlərinə görə, son illər əldə edilən nəticələr fərdi idmançılara əsaslanıb: “Sistemdə və sistemlilikdə müəyyən problemlərin olduğunu deyə bilərik. Qərara gəldik ki, xarici baş məşqçi dəvət edərək, bu sistemi yaradaq. Ona görə də performans direktoru vəzifəsinə Belçika yığmasının uzun müddət baş məşqçisi olmuş və Niderland klubunda çalışmış Mark van der Hamı, baş məşqçi vəzifəsinə isə Almaniya yığmasının baş məşqçisi olmuş Riçard Trautmanı dəvət etdik. Hər ikisi yüksək nəticələr göstərmiş mütəxəssisdir”.

ACF rəhbəri indiyədək millidə çalışmış bütün mütəxəssislərə təşəkkür edib: “Əcnəbi mütəxəssislərin qarşısında qoyulan vəzifələrdən biri yerli məşqçilərə də dəstək olmaqdır. Mövlud Mirəliyevə təşəkkür edirəm. O və digər məşqçilər millidə fəaliyyətlərini davam etdirəcəklər. Son yarışlarda uğurlarımız onların bacarıqlarını göstərir. Amma yeni yanaşma xarici mütəxəssislərlə çalışmanı tələb edir”.

“Bu, mənim üçün böyük şərəfdir”

Riçard Trautman da təyinatına münasibət bildirib: “Etimada görə Azərbaycan Cüdo Federasiyasına minnətdaram. Bu, mənim üçün böyük şərəfdir. Məqsədimiz millidə ən yaxşı nəticələri göstərməkdir. Hər kəsi Paris-2024-də qələbə naminə bir araya gətirməliyik. Gənclər arasında istedadlıları üzə çıxararaq, onları yetişdirmək çox vacibdir. Məqsədim bu prosesi fərdiləşdirməkdir. Ona görə də hər bir idmançıya fərdi yanaşma tətbiq edəcəyik. Hər kəsi mümkün qədər yaxşı hazırlaşdırmağa çalışacağıq. Hər kəslə işləməkdən çox məmnun olaram. Məqsədlərimizdən biri də azərbaycanca öyrənməkdir ki, sadə danışıqlarda tətbiq edə bilək”.

Yığmanın performans direktoru Mark van de Ham məqsədlərinin milli komandanın səviyyəsini qaldırmaq olduğunu diqqədə çatdırıb. 44 yaşlı niderlandlı mütəxəssis idmançıların yüksək performans səviyyəsini müəyyənləşdirmək istədiklərini və 2024-cü il Paris Yay Oyunlarında yaxşı nəticələr qazanmağa çalışacaqlarını söyləyib.

Yeri gəlmişkən, növbəti həftədən etibarən 50-dən artıq azərbaycanlı mütəxəssis beynəlxalq cüdo akademiyasında təhsil almağa başlayacaq. Bu barədə Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu məlumat verib. Onun sözlərinə görə, mütəxəssislər 8 aylıq təhsil alacaqlar. Rəsullu Beynəlxalq Cüdo Federasiyası və Avropa Cüdo İttifaqı ilə əməkdaşlıq şəraitində çalışacaqlarını söyləyib: “Regionlarda cüdonun inkişafı üzrə tədbirlərin keçirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, məşqçilərin peşəkarlıq səviyyələrinin artırılması, hakimlərin peşəkarlıq səviyyələrinin artırılması, daxili yarışlarının sayının artırılması da qarşıda duran vəzifələrdir”.

Milli komandaya gəldikdə, Rəsullu bildirib ki, ilin ilk iki ayı ərzində ümumilikdə 29 medal qazanılıb ki, onlardan 14-ü böyüklərdən ibarət millinin payına düşüb.

“Azərbaycanda heç bir mütəxəssisin belə sertifikatı yoxdur”

Bundan sonra Beynəlxalq Cüdo Federasiyasının (İJF) xüsusi sertifikatına malik olmayan şəxslər yarışlarda məşqçi kimi iştirak edə bilməyəcək. Bunu da Rəşad Rəsullu bəyan edib. ACF rəsmisi futbolda olduğu kimi, sertifikatı olmayan şəxslərin 2023-cü ilin yanvarından tatamidən kənarda idmançılara göstəriş verə bilməyəcəklərini söyləyib:

“Azərbaycanda heç bir mütəxəssisin belə sertifikatı yoxdur. Biz bunu aradan qaldırmalıyıq. İJF ilə anlaşmamıza əsasən 46 məşqçimiz martın 7-dən Beynəlxalq Cüdo Akademiyasında təhsil almağa başlayacaq. Milli komandanın bütün məşqçiləri bu prosesə qoşulacaqlar. Avqust-sentyabrda proqram yekunlaşacaq. Ümid edirəm ki, hər kəs sertifkatı ala biləcək. Çünki bu, kifayət qədər dolğun və intizam tələb edən proqramdır. Əminəm ki, məşqçilərimiz bu imkanı müsbət dəyərləndirəcək. Biz aparıcı klubların məşqçilərini də buraya dəvət etmişik”.

Rəsullu milli komandaya cəlb etdikləri baş məşqçi Riçard Trautman və performans direktoru Mark van der Hamı xeyli namizəd arasından seçdiklərini söyləyib: “Seçim prosesi bir günün yox, iki-üç ayın işi oldu. İlk növbədə, cəlb edəcəyimiz baş məşqçinin işi, göstərdiyi nəticələr, işində tətbiq etdiyi elmi və fərdi yanaşma nəticəsində seçim prosesinə başladıq. 20-25 mütəxəssisi dəyərləndirdikdən sonra seçimimizi etdik. Mövlud Mirəliyev və digər məşqçilərin bu prosesdən xəbərləri var idi. Yeni məşqçilər həqiqətən də bacarıqlıdırlar. Beynəlxalq aləmdə də bu seçimimizə çox müsbət yanaşdılar. Bizim məşqçilər Azərbaycan qonaqpərvərliyini və peşəkarlığı əsas götürərək, bu seçimə normal yanaşdılar. Texniki-tibbi heyətimiz və digər mütəxəssislərimiz birgə çalışacaqlar”.

Xəbəri paylaş: