Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Liverpul” doğma meydanda “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Bu komandalar arasında ilk görüş İngiltərə təmsilçisinin 2:0 hesablı qələbəsiylə nəticələnmişdi. Cavab qarşılaşması ərəfəsində Yurgen Kloppun yetirmələri 1/4 finala daha yaxın görünürdü. Düzdür, ikinci matç “İnter”in qələbəsiylə yekunlaşıb. Lakin 1:0 mərhələ adlamaq üçün yetərli olmayıb. Beləcə, iki oyunun nəticəsinə görə 1/4 finala yüksələn tərəf “Liverpul” olub.
Gecənin digər matçında Almaniyanın ən titullu klubu “Bayern” “Zalsburq”u sınağa çəkib. Avstriya klubu ilk qarşılaşmada adlı-sanlı rəqibinə layiqli müqavimət göstərərək kiçik sensasiyaya imza ata bilmişdi. Lakin Kinqsli Komanın son dəqiqələrdə vurduğu bərabərlik qolu sayəsində Münhen klubu Çempionlar Liqasının səfər matçlarında məğlubiyyətsiz seriyasını 22 oyuna çatdırmışdı. Hansı ki, bu, onlar üçün rekorddur. “Bayern” cavab görüşündə rəqib qapısından 7 top keçirməklə sürprizə imkan verməyib. Nəticədə münhenlilər 1/4 finala darmadağınla yüksəliblər.
UEFA Çempionlar Liqasında 1/8 finalın daha iki cavab görüşü martın 9-da keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
8 mart
Liverpul (İngiltərə) – İnter (İtaliya) 0:1
Qol: L.Martines, 62.
Baş hakim: Antonio Mateo Laos (İspaniya)
İlk oyun – 2:0.
Bayern (Almaniya) – Zalsburq (Avstriya) 7:1
Qol: Levandovski, 11-pen; 21-pen; 23. Qnabri, 31. Müller, 54; 83. Sane, 86 – Kyaerqaard, 70.
Baş hakim: Kleman Turpen (Fransa)
İlk oyun – 1:1.


