Futbol üzrə Fransa çempionatının 2026/2027-ci illər mövsümünə uğursuz başlamış “Lans” baş məşqçi Dino Toppmöller ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, 45 yaşlı alman mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Toppmöller iyunun ortalarında “Lans”a baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda cəmi 6 rəsmi matç keçirib. Buna baxmayaraq, “Lans” tarixində ilk dəfə Fransa Super Kubokunun qalibi olub. Komanda həlledici qarşılaşmada PSJ-ni məğlub edib.
Klubun yaydığı açıqlamada bildirilib:
“Komandanın fəaliyyəti, məşqçi heyətinin işi və təşkilati məsələlərlə bağlı çoxsaylı müzakirələrdən sonra “Lans” məşqçiyə dəyişikliklər etmək istədiyini bildirdi. Toppmöller bu struktur dəyişikliklərini qəbul edə bilmədiyi üçün klub onun və iki köməkçisinin fəaliyyətinə xitam vermək qərarına gəldi.
“Lans” Dino Topmöller tərəfindən daim nümayiş etdirilən səmimiyyəti və yüksək peşəkarlığı xüsusi qeyd etmək istəyir. Bundan əlavə, məşqçi müqavilə üzrə nəzərdə tutulan təzminatın əhəmiyyətli hissəsindən imtina edib”.
“Lans”ın qarşıdakı oyununa komandanı Yannik Kayuzak hazırlayacaq. Fransa çempionatının 5-ci turunda “Lans” sentyabrın 18-də səfərdə “Monako” ilə qarşılaşacaq.
Hazırda “Lans” 4 xalla Liqa 1-in turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.


