Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki oyun baş tutub.
“Real” (İspaniya) Madriddə PSJ-ni (Fransa) qəbul edib. Bu komandalar arasındakı ilk görüş Paris klubunun 1:0 hesablı qələbəsiylə başa çatmışdı. Cavab görüşündə də hesabı fransızlar açıblar. Fransa təmsilçisinin heyətində ilk oyunda olduğu kimi, yenə Kilian Mbappe fərqlənib. Amma qalan dəqiqələrdə Fransa yığmasının digər hücumçusu – “Real”ın formasını geyinən Kərim Benzema səhnəyə çıxaraq ardıcıl 3 qol vurub. Nəticədə İspaniya təmsilçisi əzmkar qələbə sayəsində 1/4 finala yüksəlib.
Digər qarşılaşmada isə “Mançester Siti” (İngiltərə) “Sportinq”i (Portuqaliya) sınağa çəkib. İlk oyunda 0:5 hesabıyla məğlub olan Portuqaliya klubu üçün bu oyun formal xarakter daşıyırdı. Cavab görüşündə hesab açılmayıb. Beləcə, İngiltərə təmsilçisi növbəti mərhələyə adlayıb.
Xatırladaq ki, Çempionlar Liqasında daha öncə İngiltərənin “Liverpul” komandası “İnter”i (2:0, 0:1), “Bayern” (Almaniya) isə “Zalsburq”u (Avstriya) (1:1, 7:1) mübarizədən kənarlaşdırmaqla 1/4 finala yüksəlmişdi. Digər cavab oyunları martın 16-17-də keçiriləcək. “Ayaks” (Niderland) “Benfika”nı (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə) “Atletiko”nu (İspaniya), “Yuventus” (İtaliya) “Vilyarreal”ı (İspaniya), “Lill” (Fransa) isə “Çelsi”ni (İngiltərə) qəbul edəcək.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
9 mart
Real (İspaniya) – PSJ (Fransa) 3:1
Qol: Benzema, 61; 76; 78 – Mbappe, 39.
Baş hakim: Denni Makkelini (Niderland).
İlk oyun – 0:1.
Mançester Siti (İngiltərə) – Sportinq (Portuqaliya) 0:0
Baş hakim: Halil Mehler (Türkiyə).
İlk oyun – 5:0.


