UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vuruldu

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

İspaniya “Vilyarreal”ı İtaliyada “Yuventus”un qonağı olub. Bu komandaların ilk görüşündə qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə İspaniya təmsilçisi gözlənilməz nəticəyə imza atıb. Rəqibini səfərdə darmadağın edən “Vilyarreal” növbəti mərhələyə yüksəlib.

Gecənin digər oyununda İngiltərənin “Çelsi” klubu Fransada “Lill” komandası ilə qarşılaşıb. Londondakı ilk qarşılaşmada “zadəganlar” 2:0 hesablı qələbə qazanmışdılar. Cavab görüşündə hesabı Fransa təmsilçisi açıb. Amma Türkiyə millisinin hücumçusu Burak Yılmazın penaltidən vurduğu qol Fransa çempionuna uğur gətirməyib. Qalan dəqiqələrdə iki qol vuran İngiltərə təmsilçisi sürprizə imkan verməyib və 1/4 finala çıxıb.

Xatırladaq ki, daha əvvəl İngiltərənin “Liverpul” və “Mançester Siti”, İspaniyanın “Real” və “Atletiko” (Madrid), həmçinin Almaniyanın “Bayern” və Portuqaliyanın “Benfika” klubları da 1/4 finala çıxmışdı.

UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinalın püşkatma mərasimi martın 18-də təşkil olunacaq. 1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
16 mart

“Yuventus” (İtaliya) – “Vilyarreal” (İspaniya) 0:3
Qol: Moreno, 77-pen. Torres, 85. Danyuma, 90+1-pen.
Baş hakim: Şimon Marçinyak (Polşa).
İlk oyun – 1:1

“Lill” (Fransa) – “Çelsi” (İngiltərə) 1:2
Qol: B.Yılmaz, 38-pen – Pulişiç, 45+3. Aspilikueta, 71.
Baş hakim: Davide Massa (İtaliya)
İlk oyun – 0:2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: